Liftdə qalanda nə edək?

Liftdə qalanda nə edək?

Çox gözəl bilirik ki, lift dediyimiz zaman ağlınıza gələn ilk düşüncə daşıma funksiyası və içərisində qalma qorxusudur. Bu yazıda qərar verdik ki, hərkəsin az da olsa ehtiyyat etdiyi vəziyyətdən danışaq. Siz də liftdə qaldığınız zaman birinci seçimi qışqırmaqda və qapını qırmaqda görmüsünüz? Əslində, bir çoxumuz heç bircə dəfə də olsun axtarıb baxmamışıq ki, liftdə qalsaq nə etmək lazımdır. Ya qapını qıracağıq, ya qışqıracağıq, ya da liftdə olan bütün düymələri sıxacayıq.

İstəyir dünyanın ən yeni texnologiyaya cavab verən lifti olsun, orada qala bilmə faiziniz yenə də mövcuddur. Bəs, yaxşı, liftdə qaldığımız zaman necə davranmalıyıq? Əgər bu sualın cavabını axtarırsınızsa, deməli elə doğru məqaləni oxuyursunuz.

Panikaya düşməyin
İçərisində olduğunuz lift bir anda hərəkətini dayandırarsa, qətiyyən panikaya düşməyin. Panikaya düşdüyünüz zaman vəziyyəti daha da qəlizləşdirə bilərsiniz. Niyə panikaya düşməyin deyirik? Çünki panika zamanı həm enerjinizi, həm də içəridə olan oksigeni azalda bilərsiniz. Bu yalnız sizə aid deyil. Liftdə tək deyilsinizsə, digər sərnişinləri də sakitləşdirməyə çalışın. Sakit şəkildə vəziyyəti daha yaxşı analiz edə bilərsiniz.

Qapıları aralamağa çalışmayın
Qapıları aralamaq heç də düzgün verilmiş qərar deyil. Liftdə qaldığınız zaman panikaya düşüb, qapıları aralamağa və çıxmağa çalışmayın. Bu qərar sizin həyatınız üçün çox təhlükəlidir və ağır nəticələr ilə üzləşə bilərsiniz.

Telefonunuzu kontrol edin
Bu addım heç kimə qeyri adi və ya sürpriz olmamalıdır. Liftlərin bir çoxunda telefon şəbəkələri yaxşı şəkildə tuta bilir. Liftdə qaldığınızı anladığınız zaman telefonunuza baxaraq, şəbəkəni kontrol edin. Əgər şəbəkə varsa, yaxınlarınıza zəng edərək məlumat verə bilərsiniz.

Zəng düyməsini sıxın
Əgər istifadə etdiyiniz liftdə zəng düyməsi varsa, düyməni sıxın. Zəng düyməsi sizi birbaşa texniki servisə yönləndirəcək. Liftdə problem olduğunu görən texniki servis, çox qısa zaman ərzində sizin köməyinizə gələcək. Əgər binanızdakı liftdə zəng düyməsi işləmirsə, təcili olaraq texniki servislə danışıb, düymənin funksiyasını aktiv hala gətirin. 

Alarm düyməsini sıxın
Tutaq ki, liftdə zəng düyməsi işləmir. İkinci addım olaraq Alarm düyməsini sıxa bilərsiniz. Alarm düyməsini sıxdığınız zaman bina sakinlərinin eşidəcəkləri tonda bir zəng səsi ətrafa yayılır. Bunu eşidən bina sakinləri liftdə qaldığınızı biləcək və texniki servisə xəbər yollayacaq.

Səslənin
Əgər yuxarıda qeyd edilən addımların heç biri sizə kömək olmasa, o zaman qışqırın. Yüksək səslə insanlara səslənməyə çalışın. Liftin qapısını çox sərt olmadan vurmaqla və səslənmə ilə səsinizi ətrafa duyura bilərsiniz. Çünki lift quyusunda səs dalğaları düzgün və yüksək şəkildə yayıla bilir. İstənilən mərtəbədə olan sakin sizin səsinizi eşitmə ehtimalı yüksəkdir.

Liftdə qalma səbəbləri nə ola bilər?
  • Liftin çox köhnə olması və detallarının ömrünün bitməsi
  • Liftin daşıya biləcəyi yük miqdarını keçdikdə
  • Lift təftiş zamanı detalların vəziyyətinə fikir verilməməsi
  • Elektrik kəsintiləri
Əgər bir gün liftdə qalsanız, yuxarıda qeyd etdiyimiz şəkildə davranmağa çalışın. O zaman çox rahat şəkildə vəziyyətdən çıxa biləcəksiniz. Liftlərlə bağlı digər yazıları oxumaq üçün buraya keçid edə bilərsiniz.